1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə ölkəmizin əsas hərəkətverici siyasi təşkilatına çevrilib. Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülüb.
Noyabrın 19-da Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarında keçirilən ağacəkmədə iştirak ediblər. Ağacəkmədə 3,5 hektar ərazidə yeni meyvə bağı salınıb, 3 hektarlıq meyvə bağında isə bərpa əkini aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak edib.
Bildirilib ki, cari ilin payızında muxtar respublikada 200 hektara yaxın sahədə meyvə və üzüm bağları salınacaq, yaşıllaşdırma, bərpa əkinləri aparılacaq, toxmacarlıq yaradılacaq və toxumla əkin həyata keçiriləcəkdir. Əkin zamanı 110 min müxtəlif meyvə və meşə tinglərindən, 1275 kiloqram toxumdan istifadə olunacaqdır.
Həmin gün muxtar respublikada Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə keçirilən ağacəkmədə 30 min ağac və gül kolu əkilib, ümumilikdə 35 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb.