Noyabrın 24-də Kələki kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, rabitə evi, kitabxana, arxiv, 38 yerlik zal, klub və qazanxana yerləşir. Kitabxana fondunda 7142 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 55 internet istifadəçisi vardır. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 69 üzvü vardır ki, onlardan da 21-i gənc, 54-ü isə qadındır. Ərazi ilk təşkilatının sədri Emin Ağayev yaradılan şəraitə görə minnətdarlıq edib.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Abbas Xəlilov kənd sakinlərinin məşğuliyyəti barədə məlumat verib.
Yaşayış məntəqələrində müasir tələblərə cavab verən səhiyyə müəssisələrinin yaradılması sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.
Ali Məclisin Sədri qeydiyyat, peyvənd və patronaj işinin təşkili barədə tapşırıqlar verib.