Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunan “Gənc müəllimlərin inkişaf marafonu” layihəsinin açılış tədbiri keçirilib. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü liseydə keçirilən tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova bildirib ki, gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə yaradılan birlik bu gün öz sıralarında 1500-ə yaxın gənci birləşdirir.
“Gənc müəllimlərin inkişaf marafonu” layihəsinin əhəmiyyətinə də toxunan Gülxanım Orucova qeyd edib ki, marafonun keçirilməsində məqsəd Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin artırılması və gənc müəllimlərin peşəkarlıq, səriştəlilik səviyyəsinin yüksəldilməsidir. Bildirilib ki, layihə çərçivəsində 6 mövzu üzrə 8 təlimçi tərəfindən təlimlər təşkil olunacaq. Təlimlərdə gənc müəllimlərə “Müəllim peşəkarlığının inkişaf istiqamətləri”, “İlkin məqalə yazmaq bacarıqları”, “Diksiya (Nitq) Təlimi”- Səlis danışmaq zamanı!, “Beynəlxalq qiymətləndirmə nədir?”, “Təhsildə inkişaf və innovasiyalar üzrə layihə hazırlanması”, “STEAM” təhsili mövzularında təlimlər keçiriləcək. Təlimlərə 200-dən artıq gənc müəllimin cəlbi nəzərdə tutulub.Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı nəticəsində muxtar respublikada da tədrisin yüksək səviyyədə təşkili üçün müasir təhsil infrastrukturu yaradılıb.
Vurğulanıb ki, dövlətimizin gənclərə göstərdiyi yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Qeyd olunub ki, dövlət qayğısı nəticəsində bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 900-ə yaxını müəllim, 200-ə yaxını isə müxtəlif vəzifələr olmaqla 1000-dən artıq gənc işlə təmin olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün bir sıra təlim və seminarlar keçirilir. Bildirilib ki, “Gənc müəllimlərin inkişaf marafonu” layihəsi də gənc müəllimlərin dünya təhsil sistemlərində mövcud olan pedaqoji yeniliklərin öyrənilməsi və tətbiq edilməsi, peşəkarlıq və səriştəlilik səviyyələrinin artırılmasına öz töhəsini verəcək.
Tədbirdə Babək Rayon Təhsil Şöbəsinin metodiki kabinet müdiri, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının idarə heyyətinin üzvü Nazlı Nəcəova və Kəngərli rayon Qabıllı kənd tam orta məktəbinin gənc müəllimi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi Nəzrin Seyidova gənc müəllimlərin inkişafında təlimlərin əhəmiyytindən danışıb, onları belə tədbirlərdə fəal olmağa çağırıblar.
Qeyd edək ki 16 yanvar tarixindən start verilən marafon 27 yanvar tarixində son təlimlə yekunlaşacaq.