İnteraktiv dərs muzeyin bələdçisi Firəngiz Cəfərova tərəfindən aparılıb. Muxtar respublikada fəaliyyət göstərən 200-dən artıq ümumtəhsil müəssisəsi tərəfindən izlənilən dərsdə böyük dramaturqun həyat və yaradıcılığının müxtəlif məqamları, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verilib. Görkəmli ədibin həyat və fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına tənqidi realist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı kimi daxil olub.
Dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin ev-muzeyi Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində ev-muzeyinin yaradılması” haqqında 1998-ci il 19 iyun tarixdə imzaladığı Sərəncamla yaradılıb, 1998-ci il 31 dekabrda fəaliyyətə başlayıb. Muzeyin 1999-cu il oktyabrın 13-də Ulu Öndərin iştirakı ilə açılış mərasimi keçirilib. 231 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 2 min 300-dən çox eksponat var. Onlardan 300-ü ekspozisiya zallarında nümayiş olunur.