Fevralın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Həmzəli və Axura kəndlərində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Həmzəli kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 198 şagird yerlik məktəbdə 11 sinif otağı, fizika, kimya-biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 14 kompüter və 4 elektron lövhə quraşdırılıb. Nümayəndə məktəbin pedaqoji kollektivi ilə də görüşüb.