Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbir iştirakçılarını təbrik edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışıb.
Qeyd olunub ki, hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir.
Vurğulanıb ki, Xalqımızın birlik və həmrəyliyinin nəticəsidir ki, muxtar respublikamızda davamlı inkişafa nail olunur, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Bu yüksəliş isə özünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində özünü parlaq şəkildə göstərir. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş qeydə alınıb və son iki ildir ki, bu göstəricilərə görə muxtar respublikamız Azərbaycan birincisidir.
Təhsil naziri Rəhman Məmmədov bildirilib ki, ötən dövr ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilmişdir.
Təhsil müəssisələrində yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilbəil artmışdır. 2017-2018-ci tədris ilində məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Onlardan 331-i 500-700 arası bal toplamış, 6 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Muxtar respublikada təhsil sahəsində yüksək uğurlar əldə olunduğunu qeyd edən təhsil naziri bildirib ki, təhsil sahəsində uğurlar təkcə tədris prosesi ilə bağlı olmamış, 2018-ci ili idman, şahmat, rəsm və digər sahələrdə də nailiyyətlərlə başa vurmuşuq. Belə ki, 2018-ci il ərzində Beynəlxalq səviyyəli yarışlarda və Azərbaycan Respublikası çempionatlarında idmanın boks, sərbəst güləş, cüdo, karate-do, tennis və atletika növləri üzrə 19 şagird-idmançımız, şahmat üzrə 12 şahmatçımız, musiqi, rəsm, əl işləri üzrə keçirilən müsabiqələrdə 8 şagirdimiz yüksək nəticələrə nail olmuşlar.
Bununla yanaşı Xaçmaz rayonunda keçirilən Vətənin Müdafiəsinə Hazıram Poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatında Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin XI sinif şagirdlərindən ibarət komanda Azərbaycan birincisi olmuşdur.
Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər 2019-cu ildə də uğurların davamlı olacağına əminlik yaradır.
Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən şeirlər bədii qiraət edilmiş, ansambl üzvləri tərəfindən mahnılar və milli rəqslər ifa edilmişdir. Konsert tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbirdə 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər, məktəbdənkənar müəssisələrin yaradıcılıq kollektivləri, istedad və bacarığı ilə fərqlənən şagirdlər diplom, “Oxunması zəruri olan kitablar” və hədiyyələrlə mükafatlandırılmışlar.
Sonda tədbir iştirakçıları məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.