Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli müəllimləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Samir Seyidəhmədli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət və qayğısı, təsdiq edilmiş strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, muxtar respublikada da 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
Vurğulanıb ki, ölkəmizdə dövlətimiz tərəfindən müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə ki, 2022-ci ilin yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Sonra Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edib.
Bildirib ki, Naxçıvan Muxtar Respublikasında da müəllim əməyinə yüksək diqqət və qayğı göstərilir və təhsil sahəsində keyfiyyət göstəriciləri ildən-ilə yüksəldilir.
Qeyd edib ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinin təltif edilməsilə bağlı imzaladığı əmrə əsasən muxtar respublikanın ümumtəhsil məktəblərindən 8 müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərinin müəllimlərindən 300-dən çoxu STEAM, 1500-dən çoxu isə müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikatlaşdırma imtahanı aparılıb, 5 minə yaxın sertifikatlaşdırmada iştirak edən müəllimlərimiz əməkhaqlarına əlavələrdən yararlanıb.
Tədbirin davamında Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məlahət Rüstəmova və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin müəllimi, yeni işə qəbul olunan gənc müəllim Nigar Quliyeva ölkəmizdə müəllim əməyinə və təhsilə göstərilən diqqətdən danışıb, onlara göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən müəllimlərə Fəxri Fərman və güllər təqdim edilib.
Tədbir Bədii hissə ilə davam edib.
Bu gün muxtar respublikanın Ali təhsil ocaqlarında da “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü” qeyd edilib.
Tədbirlərdə çıxış edənlər 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.