Naxçıvanda ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsiçərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10000 meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində bu gün Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin ərazilərində ilk ağacəkmə aksiyası keçirilib. “Yaşıl məktəb” layihəsinin açılış tədbirində Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Ekologiya və Təbii Sərvətlər naziri vəzifələrinin icraçısı, nazir müavini Xanlar Mustafayev ölkə başçısının Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyinin keçirilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb, bu sahədə görüləcək işləri diqqətə çatdırıblar.
Tədbirdə Naxçıvan şəhər uşaq bağçalarının balaca fidanları maraqlı kompozisiya ilə çıxış edib, məktəbin şagirdləri layihəyə həsr olunan flaşmob nümayiş etdiriblər.
Sonra Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin həyətində pedaqoji kollektivin, şagirdlərin, valideyinlərin, ictimaiyyət nümayəndələrinin və ekologiya könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində 1100 meyvə ağacı və dekorativ tinglər əkilib.
Layihə çərçivəsində növbəti günlərdə muxtar respublikanın digər ümumtəhsil müəssisələrində də ağacəkmə aksiyaları davam etdiriləcək.