Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Ziyarət zamanı qonaqlara muzeydə ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü, zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində davam edən tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə müəllim əməyini əvəzsiz qiymətləndirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyasının təhsil sektorunda xüsusilə diqqəti cəlb etdiyini söyləyən Tükəzban Quliyeva "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"ı da təhsil siyasətinin, institutsional və insan kapitalının inkişafı baxımdan mühüm yer tutduğunu qeyd edib. Səlahiyyətli nümayəndəliyin əməkdaşı bildirib ki, Dövlət proqramında ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının, infrastrukturunun inkişafı, ölkəyə inteqarsiyanın təmin olunması əsas istiqamətlərdəndir. Bu məqsədlə də Naxçıvanda STEAM əsaslı tədris, müəllimlərin mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə işə qəbulu, ədalətli şəkildə qiymətləndirmə sistemi tətbiq edilir. Bütün bunlar təhsilverənlərin peşəkar inkişafı baxımından böyük uğur hesab edilir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şərəfli peşənin yolçularını 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Nazir bildirib ki, müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, muxtar respublikada 400-dən çox müəllim Əməkdar müəllim fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib. Muxtar respublikanın ümumtəhsil məktəblərindən 8 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” 8 müəllim isə döş nişanı ilə təltif olunublar.
Elxan Nəcəfov bildirib ki, müəllimlərimizin yorulmaz səyləri sayəsində 2024-cü il şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən olub. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatının Humanitar və sosial məsələlər şöbəsinin aparıcı məsləhətçisi Həsən Kərimov, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Ordubad şəhər tam orta İnternat məktəbinin müəllimi Müseyib Abutalıbov əlamətdar gün münasibətilə müəllimləri təbrik ediblər.
Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə təhsil sahəsində əldə edilən nailiyyətlər və nəzərdə tutulan tədbirlər Azərbaycan təhsilinin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyinə zəmin yaradır.
Sonra təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə , “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ları, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan müəllimlərə nişan və vəsiqələri, həmçinin hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.