İqdır Azərbaycan Dil, Tarix ve Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyinin (İqdır Azərbaycan Evi) təşkilatçılığı, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə 01-05 dekabr tarixlərində həyata keçirilən layihə çərçivəsində Naxçıvan və İqdırdan olan şagirdlərin Çanaqqalaya səfəri təşkil edilmişdi.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan layihə çərçivəsində şagirdlər İqdırlı məktəblilərlə birlikdə Çanaqqala şəhərində bir neçə proqrama qatılıb və sözügedən şəhərdə yerləşən Troia Antik Şəhərini, “Çimenlik” qalasını, şəhidlər xiyabanlarını və digər tarixi yerləri ziyarət ediblər. Şagirdlərin yola salma mərasimində çıxış edən İqdır Azərbaycan Dil, Tarix ve Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, bundan 109 il əvvəl dünyanın müxtəlif ölkələrindəki türklər, o cümlədən Azərbaycan türkləri Türkiyə torpaqlarının qorunması üçün savaşaraq şəhid olublar.
“Çanaqqala Zəfəri yalnız tariximizin əziz bir xatirəsi deyil, həm də gələcəyimizin ən güclü ilham mənbələrindən biri kimi xalqımızın yaddaşında son dərəcə mühüm bir yerə sahibdir. Bu Zəfər vətənpərvərlik, fədakarlıq, cəsarət kimi ali hisslərin qəhrəmanlıqla nümayiş olunduğu bir dastandır. Çanaqqala döyüşündə Türklük, İslam dini və Vətən uğrunda şəhid olan 253 min əsgərlə birlikdə eyni taleyi paylaşan üç minə yaxın Azərbaycan türkünün də şəhid olduğu məlumdur. Burada şəhid və ya qazi olanlar heç bir məcburiyyət qarşısında qalmadan, sadəcə qardaşlıq duyğuları ilə Anadolunun bu bölgəsinə gəlmişdilər. Azərbaycan türklərinin bu müharibədə göstərdikləri şücaət birliyimizin ən önəmli amillərindəndir”, - deyə Ziya Zakir Acar vurğulayıb.