Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi bu ilin fevral ayından start verdiyi maraqlı bir aksiyaya yekun vurub. Nazirliyin ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirdiyi aksiyada müəllim və məktəblilər qədim məişət əşyalarını toplayıblar. Toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Şagirdlərin keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraitinin yaradıldığını qeyd edib. Nəticədə tədris prosesində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muzeylərlə canlı bağlantılar yaradılır, şagirdlərə muxtar respublikamızın qədim tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri öyrədilir. Bu da şagirdləri qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanımız haqqında daha da dolğun məlumat toplamağa, eyni zamanda onları tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi araşdırmağa sövq edir.
Təhsil naziri vurğulayıb ki, Naxçıvanın muxtariyyətinin 95 illik yubileyi ilə əlamətdar olan bu ildəNaxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində fakültativ məşğələlərdə tədris edilməsi üçün "Naxçıvan tarixi" dərsliyinin hazırlanması istiqamətində işlər aparılır.
Təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, tariximizin öyrənilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Ümumtəhsil məktəblərində keçirilən “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya da bu tədbirlərin davamıdır.
Aksiyanı keçirməkdə əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.
Qeyd olunub ki, aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 400-dən artıq eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilib. Bunlara toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar aiddir.
Bundan başqa qısa müddətdə 400-dən artıq eksponatın toplanması, bundan başqa yanvar ayında Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 75 eksponatın təqdim olunması ümumtəhsil məktəblərində zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı aparılan maarifləndirici tədbirlərin nəticəsidir.
Təhsil naziri bu ənənənin gələcəkdə də davam etdiriləcəyini, ümumtəhsil məktəblərində maddi-mədəni irsimizin qorunması baxımından əhəmiyyətli tədbirlərin müntəzəm olaraq keçiriləcəyini bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, muzeylərlə məktəblərin arasında yaranan əlaqə həm muzeylərin təbliğinə, həm də şagirdlərin dərsləri daha yaxşı qavramasına xidmət edir. Bu əməkdaşlıq gələcəkdə də qarşılıqlı şəkildə davam edəcək. Toplanan eksponatlar təyinatı üzrə müzeylərə veriləcək.
Kəngərli rayon Qarabağlar 1 nömrəli tam orta məktəbin direktoru Dilguşə Qurbanova məktəbdə yaradılan yüksək təhsil şəraitindən danışıb, qeyd edib ki, şagirdlər arasında aparılan maarifləndirici söhbətlərin nəticəsi olaraq bu aksiyada təmsil etdiyi məktəbin şagirdləri muxtar respublikanın ümumtəhsil məktəbləri arasında fərqləniblər.
Tədbirdə Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nərmin Abbasova aksiyanın onlarda böyük maraq doğurduğunu və asudə vaxtlarında axtarışda olaraq eksponatların toplanmasında həvəslə iştirak etdiklərini bildirib.
“Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada fəal iştirak edənlər “Ən fəal Təhsil Şöbəsi”, “Ən fəal məktəb”, “Ən fəal müəllim” və “Ən fəal şagird” nominasiyaları üzrə diplom və hədiyyə ilə mükafatlandırılıb.
Tədbirin sonunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Texniki Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Natiq Yusifovun ağac üzərində oyma-yanma üsulu ilə hazırladığı portret Cəlil Məmmədquluzadənin ev muzeyinə hədiyyə olunub.
İştirakçılar toplanmış eksponatlardan ibarət sərgiyə baxıblar.