Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Sabahın müəllimi” startap layihəsinin təqdimatı olub.
Təqdimatda çıxış edən təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamını xatırladıb. Muxtar respublikada ixtisaslı kadr hazırlığının təhsil siyasətinin əsas istiqamətlərindən biri olduğunu, “Sabahın müəllimi” layihəsinin də muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərəcəyini qeyd edib.
Layihənin əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, ümumtəhsil məktəblərində pedaqoji təcrübələrin təşkili və paylaşılması, məzunların işlə təmin edilməsi və başqa məsələlərdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu qaydaları haqqında məlumat verib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev müasir dövrdə müəllimin davamlı şəkildə yeniliklərlə tanış olub dərslərin qurulmasında yeni təlim texnologiyalarından istifadə etməli olduğunu diqqətə çatdırıb.
Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova muxtar respublikada gənc kadrlar üçün yaradılan şəraitdən danışıb.
Tədbirdə “Pedaqoji fikir tarixindən” kitabından seçmələr səsləndirilib, Naxçıvan Televiziyasının hazırladığı “Naxçıvan təhsili: inkişaf və perspektivlər” filmi nümayiş olunub. Sonda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin “Nağara ansamblı” və “Əlvan çiçəklər” rəqs qrupu konsert proqramı ilə çıxış edib.