İyunun 14-də muxtar respublikanın ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Tədbirlərdə çıxış edənlər muxtar respublikada gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması istiqamətində görülən işlərdən danışıb, məzunları təbrik edib, onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikamızda təhsil infrastrukturu yaxşılaşdırılıb, təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ali və orta ixtisas məktəblərinə həm sənəd vermə, həm də tələbə qəbulunun səviyyəsi ilbəil artmaqdadır.
2019-2020-ci tədris ili üçün ali məktəblərə I-IV ixtisas qrupları üzrə sənəd qəbulu və yaz imtahanları nəticələrinin təhlili muxtar respublika məktəblilərinin uğurları haqda danışmağa əsas verir.
Bütün məktəblərdə “Son zəng” tədbirlərindəşagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məzunlar çıxış edərək ürək sözlərini söyləyiblər.
Xatırladaq ki, 2019-cu ildə muxtar respublikada ümumtəhsil məktəblərini bitirən 2734 məzundan 2558-i, yəni məzunların 94 faizi ali məktəblərə qəbul üçün sənəd verib.