Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılıgı ilə Şərur şəhər 2 nömrəli tam orta məktəbdə Şərur, Sədərək və Kəngərli rayon ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlərə idmanın voleybol növü üzrə seminar keçirilib.
Seminarda muxtar respublikada yaradılan idman mühiti və hərtərəfli şərait barədə məlumat verilib. Sonra Bakıdan dəvət olunmuş voleybol üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandasının məşqçisi Xanlar Ələkbərov “Voleybol oyunu zamanı yeni taktiki-texniki qaydalar” mövzusunda seminar keçib.
Seminarın nəzəri hissəsində fiziki tərbiyə müəllimlərinə voleybol komandalarının formalaşdırılması, voleybol oyununda qəbul edilmiş yeni qaydalarla bağlı məlumat verilib.
Həmçinin məktəbin idman zalında yeni taktiki-texniki qaydalara uyğun nümunəvi dərs keçirilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Ümumi olaraq muxtar respublika üzrə bu seminardan 160 fiziki tərbiyə müəllimi bəhrələnəcək. Tərtib olunmuş cədvələ uyğun olaraq muxtar respublikanın digər şəhər və rayon təhsil şöbələrinin tabeliyindəki tam orta məktəblərin fiziki tərbiyə müəllimləri üçün də seminarlar keçiriləcək.