Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.
Bildirildi ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur.
Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, 2018-2019-cu tədris ili üzrə məzunların 281-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplamışdır.
Vurğulanmışdır ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş medalla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu ildə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, belə ki ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında qızıl medala layiq görülən məzunların hamısı 600-dən yuxarı, gümüş medala layiq görülən məzunlar isə 500-700 arası bal toplamışlar. Qızıl və gümüş medallara layiq görülmüş məzunlar tədris müddəti keçirilmiş fənn olimpiadalarında da yüksək nəticələr əldə etmiş, qızıl medala layiq görülən şagirdlərdən 9-u, gümüş medala layiq görülənlərdən isə 5-i respublika fənn olimpiadasının qalibi olmuşdular.
Təqdimat mərasimində Babək rayon təhsil şöbəsinin müdiri Həsən Zeynalov və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Xudiyev Daşqın çıxış edərək ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş medallarla təltif olunan məzunların yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd etmiş və yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinə minnətdarlıq bildirmişlər.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara medalları təqdim etdi və xatirə şəkili çəkdirildi.