Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 302 vakant vəzifə üzrə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün iyunun 21-də elan olunan müsabiqənin test imtahanları bu gündən başlayıb.
Müsabiqəyə ən çox Şərur (75), Ordubad (74), Babək (37) və Şahbuz (37) rayonları üzrə vakant vəzifə çıxarılıb. Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 599 namizəd sənəd təqdim edib . Vakant vəzifələr sırasında ən çox müraciət İbtidai sinif müəllimliyi (163), İngilis dili (83), Riyaziyyat (60) və İnformatika (58) ixtisasları üzrə qeydiyyata alınıb.
Müsabiqədə hər bir namizədə ümumilikdə 80 olmaqla, ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyalarına aid 25, informasiya və kommunikasiya texnologiyalarına aid 15 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Vakant vəzifənin tutulması üçün müraciət edən namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya müəllimləri üçün test tapşırıqlarının 50 faizini (40 bal), stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilir.
Qeyd edək ki, test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların video çəkilişi də aparılıb. Test imtahanı bitdikdən dərhal sonra hər bir namizədə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları sentyabrın 4-dək davam edəcəkdir.