• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün626
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7598
mod_vvisit_counterBu ay44042
mod_vvisit_counterÜmumi2928181

Tarix: 21 Dek., 2024

Sağlam və etibarlı gələcək naminə

Qədim Şərq müdriklərinin belə bir kəlamı var: “İnkişafa gedən yol təhsildən keçir”. Son illər diyarımızda əldə olunan hərtərəfli inkişaf və tərəqqinin də təməlində məhz müasir və mütərəqqi təhsil sisteminin formalaşdırılması, intellektual gəncliyin yetişdirilməsi dayanır. Bunu bu gün muxtar respublikanın 200-dən artıq təhsil ocağında yaradılan, müasir və innovativ yeniliklərə dayanan şərait, gənclərin savadlı, zəngin dünyagörüşlü və vətənpərvərruhda böyüməsi üçün mütərəqqi və milli əsaslara söykənən yeni təhsil metodlarından səmərəli istifadə bir daha təsdiq edir. Bununla yanaşı, müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun tətbiqi də təhsildə keyfiyyət amilinin daha da yüksəldilməsinə zəmanət verir. Bütün bunların nəticəsidir ki, uğurlu təhsil islahatlarının əsas göstəricisi olan ali məktəblərə qəbul hər il yüksək nəticələrlə özünü büruzə verir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsilsahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Ötən əsrin 90-cı illərindəAzərbaycan təhsili ulu öndərimizin bu müddəasına əsaslanan islahatlar nəticəsində əsl inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin uzaqgörən siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isəmilli təhsilimizin davamlı inkişafını təmin etdi. Müstəqillik illərindən başlayaraqAzərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin həcmi də ölkədəki ümumi iqtisadi inkişafa paralelşəkildə dəfələrlə artırıldı.

Ölkəmizin bütün bölgələrini əhatə edən təhsil islahatları muxtar respublikamızda da 1995-ci ildən etibarən bu sahədə ciddi nailiyyətlərin əldə olunması ilə nəticələnib. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasında 200-dən çox ümumtəhsil məktəbi tikilib və ya yenidən qurulub, təhsil müəssisələri müasir kompüterlər, elektron lövhələr və digər İKT avadanlıqları ilə təmin olunub. Bu illər ərzində ümumtəhsil məktəblərinə 5500 dəstdən çox müasir kompüter verilib və onların böyük əksəriyyəti internetə qoşulub. Bununla yanaşı, təhsilin informasiya mühitinin və əyaniliyin yaradılması məqsədilə ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. Sadaladığımız bu məqsədyönlü işlər müntəzəm xarakter alıb və günümüzdə də uğurla davam etdirilir. Başqa sözlə ifadə etsək, bu gün böyük uğurlarla qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının 95 illik tarixinə qızıl hərflərlə yazılan son 24 ildə əldə olunan hərtərəfli inkişafın təməlində təhsil sahəsi də xüsusi yer tutur. “Hər kəs mükəmməl təhsil almalıdır!” şüarı muxtar respublikada həyata keçirilən təhsil islahatlarının əsasını təşkil edir. Bu gün ən ucqar dağ kəndində belə, ümumtəhsil məktəbləri üçün müasir binaların tikilib istifadəyə verilməsi, yeni tədris avadanlıqları ilə təchiz olunması və məktəblərin pedaqoji kollektivlərinin komplektləşdirilməsi bu deyilənlərə əyani misaldır. Bu həm də muxtar respublikada insan amilinə yüksək dəyər verildiyini təsdiq edir.

Qədim diyarımızda təhsilin keyfiyyətinin artırılmasına mühüm təsir göstərən amillərdən biri də məktəblərin ixtisaslı pedaqoji kadrlarla təmin olunması və müəllimlərin əməklərinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsidir.

Muxtar respublikada təhsilin hərtərəfli inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlər sırasında nümunəvi dərslərin də əhəmiyyətini qeyd etmək yerinə düşər. “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, elə cə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir. Elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələrin güclənməsi fənlərin tədrisində mütərəqqi metodların tətbiqinə şərait yaradır.

Nümunəvi dərs layihəsinin daha bir üstünlüyü də ondadır ki, ümumtəhsil məktəblərində təhsil verənlərin bilik və bacarıqları təkmilləşir. Təcrübəli professor və qabaqcıl pedaqoqlar tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürürlər. Bu isə orta məktəblərdə tədris metodlarının daha mütərəqqi təşkilinə, eləcə də şagirdlərin gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir.

Təhsil müəssisələrinin yeni informasiya-kommunikasiya texnologiyaları sisteminə inteqrasiyası müasir tədris metodlarının, eləcə də interaktiv müstəvidə dərslərin təşkilinə genişimkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə şərait yaradıb. Sərəncamın uğurlu icrası nəticəsində tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizlə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr qurulur. Təsdiq edilmiş qrafikə uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən muzeylərdə təşkil olunan açıq dərslərə eyni anda muxtar respublikanın bütün ümumtəhsil məktəbləri qoşulur,şagirdlərin milli-mənəvi irsimizə aid biliklərinin canlışəkildə, audiovizual vasitələrlə artırılması təmin edilir.

Cəmiyyət davamlı inkişaf yolundadır. Bu inkişafla birlikdə irəliləmək isə günümüzün əsas tələbidir. Muxtar respublikada davamlı inkişaf xətti ilə irəliləyən təhsil sahəsi prioritet istiqamət kimi daim diqqət mərkəzindədir. Bu məqsədlə təhsil sahəsində çalışanlar üçün seminarlar, müşavirələr, konfranslar təşkil olunur, ictimaiyyətlə, xüsusən də valideynlərlə qarşılıqlı əlaqələr inkişaf etdirilir. Keçirilən müşavirələrdə əldə olunan nailiyyətlər qiymətləndirilir, yol verilən nöqsanlar müəyyənləşdirilərək aradan qaldırılır. Ötən il keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Təhsil Nazirliyinin fəaliyyətindəki nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verərək demişdir: “Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarının imkanlarından düzgün istifadə edilməli, tədrisdə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı dərslərin təşkilində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqə davam etdirilməli, nümunəvi dərslərin təşkili diqqətdə saxlanmalıdır”. Ötən dövrdə əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Ali Məclis Sədrinin bu tapşırıq və tövsiyələri əldə rəhbər tutularaq nöqsanlar aradan qaldırılıb, qeyd olunan istiqamətlər üzrə fəaliyyət gücləndirilib.

Sadaladığımız bu tədbirlərin, həyata keçirilən islahatların isə nəticə olaraq bir məqsədi var: sağlam və etibarlı gələcəyimizi təmin etmək. Çünki bu günümüzün gəncləri gələcəyimizi irəli aparan əsas kadr potensialıdır. Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi isə, sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbulda göstərir. Ümumtəhsil məktəbləri məzunlarının həm buraxılış, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi uğurlu təhsil siyasətinin bəhrələridir.

Bunu bu il keçirilən qəbul imtahanlarının göstəriciləri də sübut edir. 2018-2019-cu tədris ili üzrə muxtar respublikanın ümumtəhsil məktəblərini 2734 şagird bitirib. Məzunlardan 2301-i qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Bu da məktəbi bitirənlərin 84 faizi deməkdir. İmtahanlarda iştirak edən məzunların 1515 nəfəri ilk turda müxtəlif ali məktəblərə qəbul olunublar. Hazırda ikinci turun qeydiyyatı aparılır. Bu isə o deməkdir ki, tələbə adını qazanan abituriyentlər sırasına daha çox məzunun adı yazılacaq.

Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən məzunların 281-i daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb. Abituriyentlərin 50-si 600-700, onlardan da 7-si 650-dən yuxarı bal toplayıb. Cari tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub. Belə ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında qızıl medala layiq görülən məzunların hər biri 600-dən yuxarı, gümüş medala layiq görülən məzunlar isə 500- 700 arası bal toplayıblar. Həmin məzunlar tədris müddəti keçirilən fənn olimpiadalarında da yüksək nəticələr əldə edib, qızıl medala layiq görülənlərdən 9-u, gümüş medala layiq görülənlərdən isə 5-i respublika fənn olimpiadasının qalibi olub.

Adətən, ölkəmizin yüksək inkişafının daha çox mərkəzlərdə, paytaxtlarda özünü göstərməsi reallıq kimi qəbul edilir. Bu, ali məktəblərə qəbul göstəricilərində də belədir. Başqa sözlə desək, şəhərlərdə təhsil alıb imtahan verən məzunlar kənd yaşayış məntəqələrində oxuyan şagirdlərlə müqayisədə daha böyük nəticələr əldə edirlər. Naxçıvan Muxtar Respublikasında son illər qeydə alınan qəbul göstəriciləri isə bu prinsipi dəyişdirib. Nəticələrə nəzər yetirdikdə şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə, hətta cəmi bir neçə şagirdin təhsil aldığı ən ucqar yaşayış məntəqələrində də yüksək nəticə göstərən abituriyentlər çoxluq təşkil edirlər. Buna səbəb isə həyata keçirilən infrastruktur quruculuğu nəticəsində kəndlərimizin də şəhərləşməsidir. İnfrastruktur layihələrinin əsas istiqamətini isə təhsil quruculuğu təşkil edir. Yaxın-uzaqlığına, böyükkiçikliyinə fərq qoyulmadan bütün yaşayış məntəqələrində ən müasir tədris şəraiti yaradılıb, məktəblər ixtisaslı pedaqoji kadrlarla komplektləşdirilib. Bu isə nəticədə, tədrisin keyfiyyətinin yüksəlməsinə və ürəkaçan nəticələrin əldə olunmasına gətirib çıxarır.

Builki qəbul göstəriciləri də dediklərimizə əyani misaldır. Naxçıvan şəhəri və rayon mərkəzlərindəki tam orta məktəblərlə yanaşı, yüksək nəticə göstərənlər sırasında kənd məktəblərimizin də məzunları çoxluq təşkil edir. Məsələn, 2018-2019-cu tədris ili üzrə 650-700 intervalında bal toplayan 7 məzun sırasında Şərur rayonunun Dərvişlər və Culfa rayonunun Ərəzin kənd tam orta məktəblərinin də yetirmələrinin adı vardır. 500-700 arasında nəticə göstərən məzunların sayına görə Naxçıvan şəhər 5 və 12 nömrəli tam orta məktəblər, Heydər Əliyev adına tam orta məktəb, Qızlar liseyi, Qarnizon məktəbi, Şərur Şəhər FizikaRiyaziyyat Təmayüllü Liseylə yanaşı, Şərur rayonunun Dərvişlər, Babək rayonunun Nehrəm, Yarımca, Ordubad rayonunun Dəstə, Əndəmic, Culfa rayonunun Yaycı, Əbrəqunus, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü, Sədərək rayonunun Sədərək kəndindəki tam orta məktəblərdən də imtahanlarda iştirak edən məzunlar çoxdur.

Başqa bir maraqlı məqam da ixtisas seçimi ilə bağlıdır. Ali təhsil müəssisələrinə qəbul olunan məzunların böyük əksəriyyəti şərəfli müəllimlik peşəsini seçib. Elə yüksək bal toplayanların nəticələrinə nəzər yetirək. 500-700 intervalında nəticə göstərən 281 nəfərin 37 faizi, daha dəqiq desək, 104-ü pedaqojiyönümlü ixtisaslara üstünlük veriblər. Bir zamanlar müasir tədris şəraitində dərs aldıqları müəllimləri ilə çiyin-çiyinə işləmək arzusuna çatan gənclərimiz bu gün də az deyil.

Tələbə adını qazanan gənclərlə hər il ənənəvi olaraq görüşlərin keçirilməsi, onların mükafatlandırılması təhsilimizə və gəncliyimizə göstərilən qayğının daha birifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hər il qəbul imtahanlarında yüksək nəticə əldə edən gənclərlə keçirilən həmin görüşlərdə onların hər birini və valideynlərini təbrik edərək dəyərli tövsiyələrini verir. Həmin görüşlərdən birindəAli Məclisin Sədri demişdir: “Müasir dünyanın reallıqları onu göstərir ki, müstəqillik və sabitlik şəraitində yaşamaq, təhsil almaq heç də hər kəsə nəsib olmur. Hər bir gənc bugünkü müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın qədrini bilməli, ulu öndərimizin əsəri və əmanəti olan qüdrətli Azərbaycanın əsl vətəndaşına çevrilməlidir. Siz bu gün nə qədər yaxşı oxusanız, elmlərə və biliklərə nə qədər dərindən yiyələnsəniz müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və işıqlı olacaqdır”. Artıq ənənəyə çevrilən bu görüşlərdə verilən dəyərli tövsiyələr yüksək nailiyyətlərlə tələbə adını qazanan gəncləri daha böyük uğurlara ruhlandırır.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Naxçıvan həm də yaxşı təhsil ənənələri və tədris uğurları ilə seçilir. Elə bu səbəbdən də qəbul imtahanlarında müvəffəqiyyət qazanan gənclərseçim edərkən daha çox muxtar respublikanın ali məktəblərinə üstünlük verir, təhsillərini bu diyarda davam etdirməyi qarşıya məqsəd qoyurlar. İmtahanlarda iştirak edərək ilk turda müvəffəqiyyət qazanan məzunların 1168 nəfəri təhsillərini muxtar respublikanın ali təhsil müəssisələrində davam etdirəcək. Bu da tələbə adını qazananların 77 faizinə bərabərdir. Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrini seçən məzunlardan 710-u Naxçıvan Dövlət Universiteti, 231-i “Naxçıvan” Universiteti, 227-si isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunub.

Bir sözlə, müstəqillik illərindən başlanan inkişaf və quruculuq yolu muxtarrespublikamızda digərsahələr kimi, təhsilin də hərtərəfli inkişafını təmin edib. Bu isə özlüyündə həm də daha etibarlı gələcək deməkdir. Bu gün davamlı olaraq təhsil sahəsində həyata keçirilən islahatlar və bu islahatların uğurlu nəticələri bir daha əmin olmağa əsas verir ki, təhsilimiz muxtar respublikanın, bütövlükdə isə ölkənin işıqlı gələcəyinə xidmət edir.

Gülcamal TAHİROVA

Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”

Mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg