• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün670
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7642
mod_vvisit_counterBu ay44086
mod_vvisit_counterÜmumi2928225

Tarix: 21 Dek., 2024

Təbiət ruhumuzu oxşayan ən təsirli əsərdir

Təbiət qucağın açıbdır bizə,

Lalələr, sünbüllər çıxıbdır dizə,

Kaş indi baş verə elə möcüzə,

Yenidən qayıda məktəb illəri,

Arxada buraxaq qəm-nisgilləri.

 

Bəli, hər birimiz böyüyüb yaşa dolduqdan sonra ömrün ötən səhifələrini vərəqlədikcə nostalji duyğuların ağuşuna düşürük, yaddaşımızın bir küncündə yığılıb qalan, bizdən heç cür ayrılmaq istəməyən xoş anlar xatirələrimizdə yenidən canlanır. Lakin bir həqiqəti gizlətmək olmur ki, daha nə ağ vərəqtək saf olan uşaqlığımız qalıb, nə hafizədə əvvəlkitək məsum duyğular, düşüncələr yaranır, nə də gözlərdə dünyanın sevinci sezilir. Öz-özünə deyirsən ki, ötən ömür sanki kinolent kimi necə də bir neçə saatın içində gəlib-keçib. Məhz bunun üçün də gərək uşaqlıq illəri elə mənalı, yaddaqalan yaşansın ki, yaşlananda xatırlamağa, yada salmağa, özündən sonra gələn nəsillərə danışmağa maraqlı xatirələr olsun...

Bu gün diyarımızda fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Turizm Diyarşünaslıq Mərkəzi də məktəbyaşlı uşaqlara təbiəti sevdirərək yurda məhəbbət aşılamaqla həm də onlara həyatları boyu unutmayacaqları, xoş anlarla dolu maraqlı günlər bəxş edir. Ötən günlərdə mərkəzin iş prosesinə nəzər salıb balaca turizmsevərlərlə görüşərkən də bunun bir daha şahidi oluram. Əvvəlcə mərkəzin direktoru Sevda Məmmədova müəssisə haqqında qısa məlumat verir. Qeyd edir ki, 1973-cü ildə Naxçıvan şəhərində Gənc Turistlər Stansiyası kimi yaradılan müəssisə 2005-ci ildən Turizm Diyarşünaslıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Məktəbdənkənar müəssisə üçün 2013-cü ildə bina yenidən qurularaq istifadəyə verilib. Burada yaradılan 12 dərnəyə 900-ə yaxın məktəbli cəlb olunub. Müəssisənin əsas məqsədi uşaqların asudə vaxtlarını maraqlı, əyləncəli keçirmələrini təmin etmək, gənc nəslə doğma diyarı sevdirmək və vətənpərvərlik hissləri aşılamaq, onları tarixi keçmişimizlə, müasir inkişafla, turizm potensialı ilə tanış etməkdən ibarətdir.

Mərkəzdə təşkil olunan məşğələlərdə uşaqlar təbiətin möcüzələrlə dolu sirli-sehrli aləminə yaxından bələd olur, onu öz daxili aləmində, xəyalında canlandırır və beləliklə də, təbiətin sonsuz rəngarəngliyini, füsunkar gözəlliyini anlayırlar. Mütəmadi səyahətlər, təbiət qoynunda keçirilən səyyar tədbirlər zamanı uşaqlara Naxçıvanın tarixi, mədəniyyəti, müasir inkişafı, turizm potensialı ilə bağlı ətraflı məlumatlar verilir. Bununla da onlar bizi yaşadan, sağlamlığımızın keşiyində duran, qayğı göstərən ana təbiətin, eləcə də yaşadığımız torpağın, yurdun qədir-qiymətini bilirlər. Tədbirlər zamanı balacalara doğma diyarımızın təbiətini daha dərindən öyrənmək, sevmək, qorumaq, onun təbii sərvətlərindən daha qənaətcilliklə, səmərəli şəkildə istifadə etmək kimi keyfiyyətlər də aşılanır. Bundan başqa, mərkəzdə tariximizlə bağlı yer alan vəsaitlər, məntiqi düşüncəni artıran kitablar və bədii ədəbiyyatlar məktəblilər tərəfindən qiraət olunur. Təbii ki, bu da onların erkən yaşlardan dünyagörüşünün və mütaliə vərdişlərinin formalaşmasına köməklik edir. Sevindirici haldır ki, dərnək üzvləri də məşğələlərə, ekskursiyalara böyük həvəs və maraq göstərir, gəzintilər zamanı abidələrin maketlərini də hazırlayırlar. Bunun üçün mərkəzdə ayrıca otaq da yaradılıb və orada məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilir.

Öyrənirəm ki, tədris ilinin əvvəlindən etibarən mütəmadi olaraq mərkəzin dərnək rəhbərləri tərəfindən məktəblilərin iştirakı ilə rəngarəng tədbirlər təşkil edilir. Müxtəlif mövzularda keçirilən müsabiqə və bilik yarışlarında fərqlənən dərnək üzvlərinə hədiyyələr, fəxri fərmanlar verilib. Mərkəzdə olduğum müddətdə fəal dərnək üzvlərindən bir neçəsi ilə də söhbət etməyə imkan tapıram.

Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Səbinə Rəhimli dərnəyə yazılandan etibarən özündə təbiətə, yurda bağlılıq hisslərinin çoxaldığını deyir. Bu barədə danışır:

– Müəllimlərimiz deyirlər ki, əgər pəncərədən çölə baxarkən bayırdakı gözəllik deyil, pəncərənin ləkəsi diqqətini çəkirsə, demək ki, həyatdan zövq ala bilmirsən. Bəli, yaşım çox olmasa da, bu sözlərin mənasını yaxşı dərk edə bilirəm. Bu düşüncəm məktəbdə təbiətlə bağlı keçilən dərslərdə, eləcə də məşğələlərdə formalaşıb. Onu da deyim ki, orta məktəbə qədəm qoyandan rəssamlığa həvəsim böyük olub, ara-sıra televiziyada gördüyüm cizgi film qəhrəmanlarını kağız üzərində cızma-qara etmişəm. Artıq 5 il olar ki, mərkəzin “Gənc turistlər” dərnəyinə üzv yazılmışam. Ötən müddət ərzində məşğələlərdə iştirakım sayəsində doğma diyarımın tarixini, mədəniyyətini, incəsənətini, turizm potensialını dərindən mənimsəyə bilmişəm.

Aqillər gözəl deyiblər ki, ən böyük rəssam elə təbiətin özüdür. Bu ifadənin düzgünlüyünə əmin olmaq üçün çəkilib bir guşədən ətraf aləmdə baş verənləri anbaan izləmək kifayətdir. Məncə, elə bu səbəbdən rəssamlıq sənətinin incəliklərini təbiətdə axtarmaq, ondan öyrənmək ən doğru yoldur. Səyyar məşğələlər zamanı mən də bundan lazımınca istifadə etməyə çalışıram. Gələcəkdə ən böyük arzum bacarıqlı rəssam kimi yetişərək elimin, obamın gözəlliklərini təbliğ etməkdir.

Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Xanım Xudaverdiyeva dərnək üzvləri arasında xüsusi fəallığı ilə müəllimlərinin sevimli şagirdinə çevrilib. Təşkil olunan tədbirlərdə də öz istedadı ilə seçilən Xanım həm də musiqi təhsili alır. Bununla bağlı deyir:

– Əgər dərindən düşünsək, görərik ki, qoynunda yaşadığımız ana təbiətdə bizi maraqlandıran bütün suallara cavab var. Elə musiqi sənətinin gözəlliyini, incəliyini, şirinliyini də təbiət şıltaqlıqlarında hiss etmək, duymaq olar. Axan şəlalənin şırıltısı, quşların cəh-cəh səsləri, küləyin vıyıltısı, yarpaqların xışıltısı, sanki bir ansamblı xatırladır. Musiqi alətləri də məhz təbiət ərməğanlarından hazırlanır. Bəlkə də, elə buna görədir ki, sevə-sevə ifa etdiyim skripkanın hər telinə toxunduqca təbiətin incə, zərif səsini, həzin duyğusunu ruhumda hiss edirəm. Yaradıcılığa, təbiət hadisələrinə həssaslığımdan 5 ildir ki, mərkəzin “İncəsənət diyarşünaslıq” dərnəyinə üzv yazılmışam. Açıq səma altında keçirilən səyyar məşğələlər mənim üçün olduqca faydalıdır, özümə lazım olan kifayət qədər məlumat toplaya bilirəm. Doğma diyarımızın tarixini, mədəniyyətini, incəsənətini, əcdadlarımızın həyat tərzini əyani şəkildə dərindən öyrənməyimiz üçün məşğələlər olduqca önəmlidir.

Azərbaycan təbiətinin patriarxı, akademik Həsən Əliyev deyirdi ki, təbiətə münasibətdə yubanmaq yaşamağa yubanmaqdır. Ona görə də hər birimizi ana kimi əzizləyən, qoynunda yaşadığımız təbiəti sevməyə yubanmamalı, yurdumuza bağlılıq nümayiş etdirməli, bütün bunları gənc nəslə də düzgün şəkildə aşılamalıyıq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg