Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin Ağbulaq İstirahət Mərkəzində Yay məktəbi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə baş tutan yay məktəbində iştirak edən şagirdlərə əvvəlcə mərkəz haqqında məlumat verilib, sonra ərazi ilə tanışlıq olub.
51 şagirdin iştirak etdiyi Yay məktəbində 4 gün ərzində onların asudə vaxtlarının səmərəli təşkili və biliklərinin artırılması məqsədilə müxtəlif əyləncəli oyunlar keçirilib, tarixi və ədəbi mövzularda mühazirələr dinlənilib. Muxtar respublikamızda “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi keçirilib.
Gün ərzində müxtəlif saatlarda şagirdlər üçün təşkil olunan çay süfrələrində gənclər öz istedadlarını nümayiş etdirib, müxtəlif mahnılar ifa edib, rəqslər ediblər.
“Təbiəti sevək və qoruyaq” devizi altında şagirdlərin gəzintiləri də təşkil olunub və mövzu ətrafında söhbətlər aparılıb. Gəzinti zamanı xatirə şəkilləri çəkdirilib.
Onu da qeyd edək ki, yay məktəbi ərzində hər axşam şagirdlər üçün müxtəlif filmlər nümayiş olunub, futbol və voleybol yarışları da təşkil edilib. Şagirdlər yeni tədris ili öncəsi zamanlarını mənalı və xoş keçiriblər.