2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
İxtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalı avqustun 31-dən etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/