Ümumtəhsil mumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün üçgünlük elmi-metodik seminara start verilib.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək bildirib ki, muxtar respublikada bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması diqqət mərkəzindədir.
Qeyd Olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli Qərarı ilə ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılıb. Həmin qərarın muxtar respublikada tətbiq edilməsi gələcək birinci sinif şagirdlərinin hazırlıq səviyyələrinin yüksəlməsinə öz töhfəsini verir.
Şəhər və rayon Təhsil şöbələrinin qabaqcıl ibtidai sinif müəllimləri tərəfindən tədris olunan təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodik sahədə təkliflərin verilməsinə, ayrı-ayrı mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübənin öyrənilməsi həyata keçirilir.
Tədbirdə müəllimlərin rəy və təklifləri nəzərə alınır, sualları cavablandırılır.
Qeyd edək ki, Naxçıvan şəhərində seminarı Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova aparıb. Seminar zamanı məktəbəhazırlıq qruplarında şagirdlərin fiziki hazırlığının inkişaf etdirilməsi, onlarda şəxsiyyətyönümlü hazırlığın formalaşdırılması, beşyaşlı uşaqlarda əqli qabiliyyətin və nitqin inkişaf xüsusiyyətləri, didaktik oyunların uşaqların inkişafında rolu, şagirdlərin estetik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və digər məsələlər haqqında məlumat verilib.
Həmin gün muxtar respublikanın rayonlarında da üç günlük təlimə başlanılıb.