14 avqust-04 sentyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş keçirilmişdir. Sentyabrın 12-də keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd etmiş, gənclərə və xüsusən də müəllimlərə göstərilən yüksək dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydalar”ına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclər müsabiqə yolu işə qəbul olunur.
Vurğulanmışdır ki, ötən tədris ilindən etibarən həyata keçirilən bu müsabiqələr bir tərəfdən muxtar respublikada gənclərin işlə təmin olunmasında mühüm rol oynayır, digər tərəfdən ümumtəhsil məktəblərinin tədris prosesində informasiya texnologiyaları və müasir təlim üsullarından səmərəli istifadə edən, bilikli müəllimlərlə təminatına stimul yaradır.
Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə 302 vakant iş yeri müəyyənləşdirilmişdir.
21 iyun 2019-cu il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 599 nəfər sənəd təqdim etmişdir.
Qeyd olunmuşdur ki, 14 avqust-04 sentyabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 95 müəllim işlə təmin olunur. Onlardan 41 nəfəri ucqar dağ kəndində yerləşən ümumtəhsil məktəbini seçmişdir.
Vurğulanmışdır ki, gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin təhsil müəssisəsində yaradılmış yüksək təhsil şəraiti və yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi nəticəsində mümkün olmuşdur. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızda həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsidir.
Sonra təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləri təbrik etmiş, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə etmişdir.
Gənc müəllimlər adından çıxış edən Fatma Kərimova həyata keçirilən uğurlu təhsil siyasəti, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirdi.
Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodiki vəsaitlər və “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olundu və müəllimlərin 3 günlük seminarına start verildi. Seminar müddətində gənc müəllimlərlə müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, fənn metodbirləşməsinin əhəmiyyəti, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri mövzularında müzakirələr həyata keçiriləcəkdir.