Bu gün təhsildə “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Elektron universitet”, “Distant təhsil”, “Dərsdən sonra” və “Sabahın müəllimi” layihələri tətbiq olunur. İxtisaslı müəllim hazırlığını yaxşılaşdırmağa xidmət edən layihələrdən olan “Sabahın müəllimi” layihəsi çərçivəsində keçirilən tədbirlərdən biri də pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkilidir.
Bu gün “Sabahın müəllimi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli ixtisaslarında təhsil alan IV və V kurs tələbələri üçün keçiriləcək pedaqoji təcrübənin başlanğıc konfransı olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, Saleh Məhərrəmov açaraq son illər ölkəmizdə təhsil sahəsində tətbiq olunan yeniliklərdən pedaqoji təcrübənin kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan proses olmasından danışıb, təşkil edilən pedaqoji təcrübələrin əhəmiyyətindən bəhs edib.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırmış, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əməkhaqqısı 20 faiz artırılmışdır. Müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırmış, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda hər il uğurlu nəticələr qazanılmışdır. Təkcə ötən il muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunlarından 1540-ı ali məktəblərə, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Onlardan 281-i 500-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür. Muxtar respublikanın ali təhsil müəssisələrində, o cümlədən Naxçıvan Dövlət Universitetində yaradılan yüksək tədris şəraiti bu ali təhsil müəssisələrində müasir təlim metodlarını mənimsəyən ixtisaslı kadr hazırlığını yaxşılaşdırmışdır. 2019-сu il ali təhsil müəssələrinə ixtsas seçimində 1192 (77%) məzun Naxçıvan Dövlət Universitetinə qəbul olub ki, bunlardan 348 nəfəri pedaqoji profilli ixtsasları seçmişlər. Bu da məktəblərimizin müəllimə olan tələbatının ödənilməsində, eləcə də tədrisin yaxşılaşmasında mühüm rol oynayacaqdır. Naxçıvan Dövlət Universitetinə qəbul olan məzunlarımızdan 161 nəfəri 500 baldan yuxarı bal toplamışdır. Vurğulanıb ki, ali məktəbləri bitirən kadrların işlə təminatı da diqqətdə saxlanılır. 2018-ci ildən pedaqoji kadrların müsabiqə ilə işə qəbulu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. Bu tədris ili ərzində 95 gənc kadr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisasları üzrə müəllim kimi işlə təmin olunub. Onlardan 60-ı Naxçıvan Dövlət Universitetinin məzunudur. “Sabahın müəllimi” layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin davamı olaraq 2019-cu ilin 1 oktyabr-15 noyabr tarixlərində universitetin 410 tələbəsi Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər ümumtəhsil məktəblərində, Babək rayon Kərimbəyli və Şıxmahmud tam orta məktəblərində pedaqoji təcrübəyə başlayırlar. Nazir təcrübəçi tələbələrin seçdikləri peşənin sirlərinə yiyələnmələri ilə bağlı keçəcəkləri pedaqoji təcrübənin onlar üçün əhəmiyyətli bir dövr olduğunu vurğulayaraq, yaradılan şəraitdən səmərəli istifadə etməyi, yaxşı təcrübə qazanmağı arzulayıbdır. Konfransda Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov “Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr”, Pedaqogika və psixologiya kafederasının müdiri Sevinc Orucova isə “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzusunda çıxış edərək pedaqoji təcrübənin əhəmiyyəti və tədris planında yeri, təşkili ilə bağlı görülmüş işlər, təcrübə müddətində pedaqoq, psixoloq və təcrübəçi tələbələrin qarşısında duran vəzifələr barədə məlumat veriblər.