07 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin 12 yaşadək şahmatçıları arasında “9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış başlamazdan əvvəl Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.
Sonra yarışa start verilmişdir.
Yarışda rayonun ümumtəhsil məktəblərindən ümumilikdə 40 məktəbli iştirak edib. Yarışın nəticələrinə əsasən, Xok kənd tam orta məktəbinin şagirdi Əbdüləzim Abdullayev I, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Şəhriyar Tarverdiyev II, Yurdçu kənd tam orta məktəbinin şagirdi Yunis Əliyev III, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Ramil Babayev və Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Səid Abbasov həvəsləndirici yerə layiq görülüblər.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.