Son illərdə muxtar respublika ümumtəhsil məktəblərində oxuyan şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də olimpiadalardır. Muxtar respublika və Respublika fənn olimpiadaları istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynamışdır.
Şagirdlərin Beynəlxalq səviyyəli olimpiadalarda özlərini sınamaları da diqqətdə saxlanılmışdır. Bu məqsədlə noyabrın 16-da muxtar respublikada ilk dəfə olaraq Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilmişdir. Olimpiadanın keçirilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılması və onların potensialının inkişaf etdirilməsidir.
Beynəlxalq Riyaziyyat Olimpiadası Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən təşkil olunur və dünyanın 70-dən çox ölkəsində keçirilir. Azərbaycanda isə bu olimpiada Azərbaycan Respublikasi Təhsil Nazirliyi tərəfindən keçirilir. VII, VIII və IX sinif şagirdləri üçün keçirilən olimpiadada Heydər Əliyev adına tam orta məktəbdən 8, Naxçıvan Qızlar Liseyindən 10, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydən 15, Naxçıvan Qarnizonu tam orta məktəbindən 6, Naxçıvan Şəhər ümumtəhsil məktəblərindən 100 olmaqla, ümumilikdə 139 nəfər iştirak etmişdir. Bunlardan 45-i VII, 50-si VIII, 44-ü isə IX sinif şagidləridir. Olimpiada iştirakçıları test formatında 25 sualı 60 dəqiqə ərzində cavablandırmışlar.
Olimpiadada yüksək nəticə əldə edən hər bir şagirdə və həmin şagirdlərin oxuduğu məktəbə beynəlxalq sertifikat təqdim ediləcəkdir