Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Dövlət Proqramının icrası istiqamətində növbəti tədbir noyabrın 18-də keçirilmişdir. Sosial qayğıya ehtiyac olan məktəblilər qış geyimi ilə təmin edilmişdir.
Bu münasibətlə təşkil olunan tədbirdə Təhsil naziri Rəhman Məmmədov, Əməkvə Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb olunurlar.Ümumtəhsil məktəblərinə gedə bilməyənlər üçün distant təhsil təşkil olunur. Muxtar respublikada audio və elektron kitabxana xidmətləri yaradılmış, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil edilmişdir. Nitq problemləri olanlar üçün defektoloji bölmə yaradılmışdır.
Qeyd olunmuşdur ki, Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulmuşdur. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Tədbirdə social qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən NahidəƏliyeva bu kateqoriyadan olan uşaqlara göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirdi.
Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 53, sağlamlıq imkanları məhdud 284, aztəminatlı ailələrin övladlarından isə 42 olmaqla, ümumilikdə, 379 uşağa isti qış geyimi hədiyyə olunub. Qeyd edək ki, bu kateqoriyadan olan şagirdlər sentyabr ayında məktəbli geyimi və dərs ləvazimatları ilə təmin edilmişdir.
Qış geyimləri Naxçıvan şəhərindəTəhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən, rayonlarda isə qeyd olunan bu aidiyyəti təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndəsi tərəfindən şagirdlərə təqdim olunmuşdur.