Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada dayanıqlı maliyyə mühitini dəstəkləyərək ehtiyac yaranan sahələrdə maarifləndirmə və məlumatlandırma işini həyata keçirmək məqsədilə “Büdcəmizi anlayaq” layihəsini davam etdirir.
Təhsil Nazirliyinin və Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilib. 50-dən çox məktəblinin iştirak etdiyi təlimdə mərkəzin direktoru Sevinc Cabbarova məktəbli büdcəsinin səmərəli istifadəsi, qənaət, maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verib.
Növbəti mərhələdə isə həmin nazirliyin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın slaydlar vasitəsilə “Büdcəmizi anlayaq” mövzusunda çıxışı dinlənilib. Təlimin interaktiv hissəsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib.
İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.