Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu tam orta məktəbində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı tədbir keçirilibdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Sonra tədbiri Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov yoldaş açdı. Natiq Əhmədov çıxışında böyük yazıçının dərin humanist məzmuna malik dramı və nəsr əsərləri, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətli olduğunu qeyd etdi. Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.
Cəlil Məmmədquluzadənin ana dilinin saflığı uğrunda daim mübarizə aparıldığını deyən Natiq Əhməov bildirdi ki, nəsr və dramaturji yaradıcılığında sənətkar ədəbi dili xalq dili əsasında inkişaf etdirib. Cəlil Məmmədquluzadə cəsarətlə canlı danışıq dilini yazıya, hətta bədii əsərə gətirib. Onun “Anamın kitabı” əsəri azərbaycançılığın, Azərbaycan dilinin manifestidir.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mütəllimova Təranənin “Mirzə Cəlil bütün nəsillərin, bütün dövrlərin yaşıdı” mövzusunda məruzəsi dinlənildi. Çıxışda qeyd oıundu ki, Cəlil Məmmədquluzadə çoxsahəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində ədəbiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir.
Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda trakinomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və.s yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikcə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arasında vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.
Məktəbin XI sinif şagirdləri Bayramlı Samirə və Gülməmmədova Solmaz yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdilər. Məlumatdan aydın oldu ki, vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəsirova Zeynəbin rəhbərliyi ilə şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdirdilər, habelə yazıçıya həsr olunmuş şeirlər səsləndirildi.
Foyedəki sərgidə Cəlil Məmmədquluzadənin əsərlərindən və haqqında yazılmış məqalələrdən ibarət kitablar nümayiş etdirildi.