27 noyabr 2019-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində “Cəlil Məmmədquluzadənin 150 illik yubleyi” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahmud Cavadov qeyd edib ki, Mirzə Cəlil yaradıcılığı Azərbaycan ədəbiyyatında əvəzolunmaz və təkrarolunmaz bir irsdir. Mirzə Cəlil vətən sevgisində doğulmuş bir qəhrəmandır. Bu sevgi onu o qədər ucalara qaldırmışdı ki, o zirvədən hər şeyi olduğu kimi görmüş, eybəcərlikləri ustalıqla qələmə almış, ifşa edə bilmişdir.
Qıvraq qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseynova Sənubər çıxış edərək bildirmişdir ki, milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun «Molla Nəsrəddin»i əvəzsiz məktəb rolu oynamışdır. Mirzə Cəlil qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və işığı yalnız xalqın maariflənməsində görürdü. Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda Azərbaycanın xəritəsi ilk dəfə Mirzə Cəlilin əsərlərində əks olunmuşdur. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir.
Müəllimin geniş çıxışından sonra şagirdlər Mirzə Cəlilin əsərlərindən nümunələr oxudu.
Daha sonra məktəblilər ədibin “Ölülər” dram əsərindən səhnəcik göstərib.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən, böyük yazıçının yubileyi ölkəmizdə qeyd olunur və bu tədbir də həmin silsilədəndir.