Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək Kollecin keçdiyi 94 illik ömür yolundan bəhs etmiş və Naxçıvan Dövlət Texniki Kollecində təhsilin sürətlə inkişaf etdiyini, öz uğurları ilə daim diqqət mərkəzində olduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, 2016-cı ildə Kollec Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərdiyi diqqət və qayğının nəticəsində son texnologiyalarla təchiz olunmuş yeni 5 mərtəbəli bina ilə təmin edilmişdir.
784 yerlik bu təhsil ocağında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Təcrübəli müəllimlərin səyi nəticəsində kollecdə yüksək intelektli mütəxəsislər yetişdirilir.
Naxçıvan Dövlət Texniki Kollecində hər bir sahə üzrə: Ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən müxtəlif yarışlarda, intelektual oyunlarda kollecin tələbələri yüksək nəticələr göstərmiş, uğurlar qazanmışdır.
Sonra Təhsil naziri təhsilə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, müəllim və tələbələrə sonrakı fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda Kollecin 2019-cu il ərzində müxtəlif yarışlarda qalib olan tələbələrinə diplom və hədiyyələr təqdim olunmuşdur.