Noyabrın 28-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən hazırlanan “Sabahın tədqiqatçıları” layihəsinin təqdimatı keçirilmişdir.
Təqdimatda Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır.
Nazir qeyd etmişdir ki, istər ümumtəhsil məktəblərində, isərsə də elm və ali təhsil müəssisələrində yaradılan yüksək tədris şəraitinin və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların yaradılması təhsildə bir sıra layihələrin həyata keçirilməsinə, o cümlədən yeni bir layihənin –“Sabahın tədqiqatçıları” layihəsinin də tətbiqinə geniş imkan yaratmışdır.
Təqdimatda Təhsil naziri Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində görüləcək işlərdən danışaraq bildirmişdir ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. AMEA Naxçıvan bölməsi ilə birgə keçirilən layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə və onlarla birgə müəyyən edilmiş istiqamətlərdə fərdi və ya kollektiv şəkildə tədqiqatlar aparacaqlar.
Həmin əməkdaşların rəhbərliyi ilə yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən şagirdlər AMEA Naxçıvan Bölməsinin və ümumtəhsil məktəblərinin laboratoriyalarında tədqiqatlar aparacaq, məruzə, tezis, referat və hesabatlar hazırlayacaqlar. Onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçiriləcəkdir. Həmçinin elmi tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunacaq, Elm günündə şagirdlər elmi məruzələrlə çıxış edəcəklər. Bu yolla şagirdlərin tədqiqatçılıq bacarıqları inkişaf etdiriləcək, gələcək peşə istiqamətlərini müəyyənləşdirmələrinə dəstək olaraq gələcəyin alimini formalaşdıra biləcəyik.
Nazir qeyd etmişdir ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilmiş, layihədə iştirak edəcək 50 şagird 5 istiqamət- Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar ki, bu da şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafına bir töhfə olacaqdır. Təqdimatda Təbii Ehtiyatlar İnstitutunun direktoru Tofiq Əliyevin “AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu alimlərinin “Sabahın tədqiqatçıları” layihəsinin reallaşdırılmasında rolu”, Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərovun “Ümumtəhsil məktəblərində istedadlı şagirdlərin üzə çıxarılmasında “Sabahın tədqiqatçıları” layihəsinin rolu”, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı Günel Məmmədovanın “Elm və təhsilin qarşılıqlı əlaqəsi gələcəyimizin təminatçısı kimi” mövzularında çıxışları dinlənilmişdir. Sonra təqdimat iştirakçıları və layihədə iştirak edəcək şagirdlər tədqiqat aparılacaq laboratoriyalarla tanış olmuşlar, AMEA Naxçıvan Bölməsinin alimləri ilə elmi himayəyə götürülən şagirdlərin ilk məşğələsi keçirilmişdir.