28 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri, İnstitutun professor və müəllim heyətinin iştirakı ilə IX sinif İnformatika dərsliyinin müzakirəsi keçirilmişdir.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək qeyd etmişdir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" müşavirə keçirilmişdir. Müşavirədə Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini təmin etmək bir vəzifə olaraq tapşırılmışdır.
Verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, 2019-2020-ci tədris ilində aparılan növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl İnformatika müəllimləri, Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat -İnformatika kafedrasının əməkdaşları və İnstitutun “Riyaziyyat-İnformatika müəllimliyi” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə IX sinfin informatika dərsliyinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da IX sinif informatika dərsliyinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olacaqdır.
Sonra IX sinif informatika dərsliyinin müzakirəsinə başlanıldı. İştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların olduğunu qeyd etdilər. Belə qeyd olundu ki, bu dərslikdə mövzular yığcam və anlaşıqlı şəkildə təqdim olunub. Hər mövzuda “Maraqoyatma”, “Fəaliyyət”, “Sözlük”, “İzahlar” və “Ümumiləşdirici sual və tapşırıqlar” bölmələri, öyrənilənləri möhkəmləndirmək və mövzuların mənimsənilməsində xüsusi əhəmiyyət kəsb edir.
Dərslikdə bəzi mövzuların məsələn: “Rastr qrafikası”, “Vetktor qrafikası”, “Elektron cədvəldə diaqramlar” və s. mövzularda məlumatların daha geniş şəkildə olması məqsədəuyğun olar. Eyni zamanda qeyd olundu ki, şagirdlərin biliklərini qiymətləndirmək məqsədilə bəzi mövzulara aid “Öyrəndiklərinizi yoxlayın” bölməsində tapşırıqların sayının artırılması şagirdlərin mövzunu daha aydın şəkildə qavramalarına şərait yaradardı.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olundu.