Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvanın qədim tarixini, onun zənginliyini özündə yaşadan Qarabağlar Türbə Kompleksini ziyarət edib.
Ziyarətçilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasındakı zəngin maddi mədəniyyət nümunələri və abidələri arasında Qarabağlar Türbə Kompleksi xüsusi yerə malikdir. Naxçıvanın digər tarixi abidələri kimi, Qarabağlar türbəsi də onu tamaşa etməyə gələnləri yeri, memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizlikləri ilə heyran edir. Bildirilib ki, qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarət kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı.
Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamı əsasında bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlar nümayiş etdirilir. Həmçinin Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar eləcə də binadakı qədim təndirlər, qədim tariximizi, adət-ənənələrimizi, məişətimizi özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda toxuculuq nümunələri qonaqlarda dolğun təəssürat yaradıb. Kollektiv türbə haqqında ətraflı məlumatlar əldə edərək buradan xoş təəssüratlarla ayrılıblar.