Şəxsiyyətin formalaşmasında bildiyimiz kimi, üç mühüm amil: irsiyyət, mühit və tərbiyə əsas rol oynayır. Təbii ki, irsiyyət və tərbiyə, eləcə də mühit və tərbiyə amillərinə yanaşı üstünlük verən pedaqoq və psixoloqlar da olmuşdur. Biz burada əsasən məktəbdə şagirdin şəxsiyyət kimi formalaşmasında tərbiyənin rolunu işıqlandırmağa cəhd edəcəyik. Ünsiyyət hər hansı fəaliyyətə nüfuz etdiyi üçün, əxlaqi əlamət isə şəxsiyyətə mənsub olduğundan, o həmişə hər yerdə: təlimdə, əməkdə, idmanda, oyunda ünsiyyəti müşayiət edir. Şagird yoldaşı ilə birlikdə dərslərini hazırlayır, oxuyur, lakin bununla yanaşı, yoldaşına kömək göstərir və onun fəaliyyət motivləri yalnız idraki deyil, həm də əxlaqidir.
Əxlaqi başlanğıc, əxlaqi motivlər, əxlaqi münasibətlər, şagirdlərin davranışlarının əxlaqi təzahürləri (qayğı, həmdərdlik, qarşılıqlı yardım, işə və adamlara sadiqlik) vasitəsilə şəxsiyyəti hərtərəfli inkişaf etdirmək sisteminin hər hansı (əqli, fiziki tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə) komponentinə daxil olur. Məhz burada şəxsiyyətin əxlaqi təşəkkülünün qarşılıqlı zənginləşməsi və onun digər cəhətlərinin tərbiyə edilməsi baş verir.
Bildiyimiz kimi, tərbiyənin prinsiplərindən biri də kollektiv vasitəsilə tərbiyə prinsipidir. Keçmişdə olduğu kimi, məktəb özünün ilk günlərindən kollektivi qüdrətli tərbiyə vasitəsi hesab etmişdir və indi də edir. Şərqin görkəmli müəllimləri adını almış Əl Kindi (800-873), Əl Qəzzali (1056-1111), İbn Xəldun (1332-1416) və b. şəxsiyyətin formalaşmasında müəllim-şagird münasibətlərinin formalaşmasına üstünlük vermişlər.
Əxlaqi keyfiyyətlərin uşaqlara aşılanmasında, onların şəxsiyyət kimi formalaşmasının təməl prinsipləri əsasında tərbiyəsində Qəzzali tərbiyəçiyə - müəllimə böyük yer verir. O yazırdı:
“Onlar (tərbiyəçilər - K.C.) hər şeydən qabaq özünü, öz nəfsini islah etməlidir. Şagird hər şeyə onun gözü ilə baxır, hər şeyi onun qulaqları ilə eşidir. Müəllim nəyi bəyənmişsə, onlar da onu bəyənirlər, nəyi pisləmişsə, onlar da onu pis hesab edirlər. Müəllimin baxışı vahiməli olmamalı, tərbiyə zamanı vurmaqdan və əzab verməkdən daha çox, qorxutmaq metodundan istifadə etməli, şagirdin üzünə gülərək “aradakı pərdəni” götürməməli, onlarla heç vaxt şit zarafat etməməli, ona bir şey vermək istəsələr, qətiyyən götürməməli, onlara çirkin şey və əməllərdən uzaq olmağı öyrətməlidir”. Deməli, müəllimin üzərinə çox ciddi vəzifələr düşür.
Onlar bir tərəfdən, şagirdləri özlərinin şəxsi həyat təcrübəsi ilə zənginləşdirməli, digər tərəfdən isə məktəbliləri öz müsbət və mənfi cəhətlərini, tərəflərini görməyə, rəftar və davranışlarını təhlil etməyə alışdırmalıdırlar. Həmçinin, şəxsiyyətin formalaşması məktəbdə müəllim tərəfindən təşkil edilir və istiqamətləndirilir; o, əxlaqi davranışa təhrik edən zəruri şəraitin yaradılmasına kömək göstərir, fəaliyyətin zəruri məzmununu seçir, təlim iştirakçıları arasında əxlaqi münasibətlərin təzahürü üçün orada xüsusi ünsiyyət situasiyaları yaradır. Deməli, şagird gələcəkdə necə olmasını, kimə oxşamasını, nəyi özü üçün ideal seçməsini müəyyənləşdirir. Şəxsiyyətin inkişafında, mənəvi aləminin formalaşmasında, özünüdərketmə prosesində tərbiyə böyük yer tutur.
Tərbiyə prosesi cəmlənən ünsürlərin sadəcə toplusu deyil, orada bütöv şəxsiyyət formalaşır. Lakin bu kompleksdə əsas və başlıca, aparıcı tərbiyədir. Bu, bütün ünsürlər sisteminin əhəmiyyətli və mürəkkəb komponentidir. Şəxsiyyət hər şeydən əvvəl, ictimai (sosial) mahiyyətə malikdir. Bu, o deməkdir ki, insan cəmiyyətdən, kollektivdən kənara düşsə, təcrid olunsa, bir şəxsiyyət kimi formalaşa bilməz, onun insana aid bir sıra irsi əlamətləri inkişaf etməz, adam yalnız bioloji istiqamətdə formalaşar. Buradan aydın olur ki, insanın sosial keyfiyyətləri (zehni, əxlaqi, dünyagörüşü və s.) yalnız kollektivdə, cəmiyyət daxilində formalaşır və inkişaf edir. Feyerbax tezislərində yazırdı ki, şəxsiyyət öz mahiyyətinə görə mövcud ictimai münasibətlərin məcmusundan ibarətdir. İctimai münasibətlərdən kənarda şəxsiyyət yoxdur, olmamış və ola da bilməz.
Şəxsiyyətin formalaşması dialektik ziddiyyət təşkil edən iki istiqamətlə bağlıdır: 1.Fərdi kollektivlə müntəzəm əlaqədə olması, onun digər fərdlərlə ünsiyyətdə olması prosesi; 2.Fərdin digər fərdlərdən təcrid olunması, özünütəsdiq prosesi. Klassik pedaqoqlar (Feyerbax, Trondayk, Conn Dyui və b.) sübut etmişlər ki, insan yalnız ünsiyyətə, başqaları ilə əlaqə yaratmağa can atan bir varlıq kimi qalmır, o həm də cəmiyyət daxilində özünü başqalarından ayırmağa meyil göstərir. Bu, o deməkdir ki, şəxsiyyət bir tərəfdən ümumi əlamətlərə malikdirsə, digər tərəfdən də özünə xas olan fərdi cəhətləri əks etdirir. Buradan belə bir nəticə çıxarmaq olar: tərbiyənin təşkilində ümumi iş formaları ilə fərdi iş formalarını dialektik əlaqədə götürmək lazımdır. Kollektiv üçün, kollektiv vasitəsilə, kollektiv daxilində tərbiyə probleminin ən kamil tədqiqatçılarından və onu əməli surətdə həyata
keçirənlərdən biri də (Kuryaj, Qorki, Dzerjinski adına kommunalarda) A.S.Makarenko olmuşdur. O, tərbiyə işini münasibətlərin formalaşdırılması prosesi hesab edir və bu münasibətlərlə yazırdı ki, bizim pedaqoji işimizin həqiqi obyekti məhz münasibətlərdən ibarətdir, qarşımızda isə bir deyil, iki obyekt vardır: 1.Şəxsiyyət, 2. Cəmiyyət. A.S.Makarenko bu ideyaya tam uyğun olaraq belə bir nəticəyə gəlmişdir: tərbiyənin bir ümumi, bir də xüsusi məqsədi vardır. Ümumi məqsəd o deməkdir ki, biz cəmiyyətin tələblərindən çıxış edərək şəxsiyyətin inkişaf modelini, ümumi proqramını hazırlamalı, şəxsiyyətin inkişaf layihəsini ortaya çıxarmalıyıq; “bizə necə adam lazımdır?” sualına cavab vermək mühüm məsələdir. Xüsusi məqsəd isə hər bir konkret fərdin, əlimizdə olan “xam materialın” inkişafını əks etdirməlidir. Makarenko koloniyada və ya məktəbdə, hər şeydən əvvəl, möhkəm uşaq kollektivi yaratmaqla ciddi məşğul oldu və bu işə uşaq fəallarının təşkilindən başladı. “Anton Semyonoviçin belə bir fikrini yaxşı yadda saxlamaq lazımdır ki, fəallar - “kollektivin vicdanıdır”. Əgər fəallar qalan şagirdlərə ləyaqətsiz görünürsə, düzəldilə bilməyən vəziyyət baş verirsə - belə fəalların əlindən ən qiymətli ideyalar və faydalı işlər hörmətdən düşər”. Koloniyada qəbul edilmiş pedaqoji qanunlardan biri uşaqların keçmiş cinayətlərini tamamilə unutmaq və onların üzünə vurmamaq idi. Makarenko həm də bir psixoloq kimi qeyd edir ki, biz uşağın keçmişi haqqında deyil, gələcəyi haqqında düşünməliyik. Təbii ki, şəxsiyyətin formalaşmasında ictimai münasibətlərin, ictimai quruluşun heç bir rolu olmadığını mülahizə kimi irəli sürənlər də olmuşdur. Guya kollektiv şəxsiyyətin inkişafında yalnız mənfi təsir göstərir; kollektivdə mövcud olan ictimai rəy şəxsiyyətin arzu və istəklərini boğur və ya buxovlayır, beləliklə də, inkişafı ləngidir. “Mülkədar kəndlilərinə onların xeyirxahlarından salam” adlı bəyannamə buraxdığına görə ömrünün 21 ilini həbsxanada keçirən N.Q.Çernışevskiyə (1828-1889) görə, şəxsiyyətin formalaşmasında həyat şəraiti, ətraf mühit, kollektivçilik əsas və həlledici rol oynayır. İnsan rəhmli, yaxud zalım, ləyaqətli vətəndaş, yaxud cinayətkar və yaramaz doğulmur, düşdüyü şəraitdən və aldığı tərbiyədən asılı olaraq bu və ya başqa cür olur. Şəxsiyyətin inkişafı və xarakteri əsasən həyat şəraiti və tərbiyədən asılıdır. Çernışevski öz dövründə mövcud olan məktəbləri tənqid edərək deyirdi ki, belə məktəblər insanda heç bir arzu yaratmır, ona aydın dünyagörüşü vermir. Bu məktəbdən çıxanlar cəsarətsiz, aciz, məhdud və prinsipsiz, fikirləri tərəddüdlü, dolaşıq, fəaliyyətləri mənasız olur. Ona görə də Çernışevski şəxsiyyət yetişdirməyən məktəblərin təhsil-tərbiyə sisteminin kökündən dəyişdirilməsini tələb edirdi.
Müasir məktəbdə müəllim tərbiyə edəcəyi şəxslərin yalnız əvvəlcədən öyrənilməsi əsasında pedaqoji təsirlər sistemini planlaşdıra bilər. Müəllim sinif kollektivi ilə şəxsiyyətyönümlülük işini təşkil edərkən təkcə onların qarşısına özünə nəzarət məqsədi qoymaqla işini məhdudlaşdırmamalı, bu tərbiyəvi fəaliyyətin yollarını tapmaqda onlara köməklik göstərməlidir. Əgər şagirdlərdə özünə diqqət zəifdirsə, bu keyfiyyəti onlarda aşılamaq zəruridir. Çünki o, özünə nəzarət edə bilməzsə, şəxsiyyətyönümlülük istənilən səviyyədə həyata keçə bilməz. Odur ki, bu işə kollektivin dostcasına nəzarəti köməklik göstərməlidir. Belə olarsa, hər bir şagird öz şəxsi keyfiyyətlərinə obyektiv surətdə yanaşa bilər, özünə kənardan baxar, nöqsanlarını dərk edər, onların aradan qaldırılması üçün yol və vasitələri asanlıqla müəyyən edə bilər. Buna görə də şəxsiyyətyönümlülük prosesində yetişməkdə olan nəsli öz qüvvə və imkanlarını, istedad və qabiliyyətlərini aşkar etməyə və onları düzgün istiqamətləndirməyə yönəltmək zəruridir. İrəli sürdüyümüz fikir və görüşlərdən belə nəticəyə gəlirik ki, məktəb və ya biz müəllimlər öz üzərimizdə məsuliyyəti bir az da artıraq.
Əgər biz şəxsiyyət yetişdiririksə ilk öncə özümüzdə olan nöqsanları aradan qaldıraq, öz hərəkət və davranışlarımızı şüurlu surətdə istiqamətləndirək, mənəvi keyfiyyətləri daim təkmilləşdirək. Çünki məktəbin əsas məqsədi şagirdləri vətən üçün, torpaq üçün, millət üçün düzgün istiqamətə yönəltməkdir.