Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvanımızı tanıyaq” mövzusunda rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı təşkil edilib.
Bilik yarışının I seçim turu Ordubad rayonunda keçirilmişdir. Yarışın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasını məktəblilərə tanıtmaq, vətənpərvərlik hisslərini aşılamaq, intellektual və yüksək biliyə malik istedadlı şagirdlərin üzə çıxarılması və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarış seçim mərhələsi və final formatından ibarətdir. Seçim mərhələsi 7 turda 5 komanda və 25 şagirdin iştirakı ilə keçirilir. Seçim mərhələsindən ən yaxşı nəticə göstərən 7 komanda rayon birinciliyində iştirak etmək imkanı qazanacaq. Viktorinanın seçim mərhələsinin hər turu test, videoçarxlar formatında olmaqla, 32 sualdan ibarətdir. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, tarixi-mədəniyyət abidələrinə həsr edilib. Hər sual üzrə düzgün cavab 10 bal intervalında qiymətləndirilir. Təqdim edilmiş hər bir suala təyin olunmuş 10 saniyə vaxt ərzində cavab verən komandanın cavabı etibarlı sayılır. Əgər bir neçə komandanın topladıqları ballar eyni olarsa, suala daha tez cavab verən komanda qalib hesab edilir.
Yekunda Ordubad rayon tam orta məktəbləri arasında keçirilən bilik yarışının I seçim mərhələsində 3 nömrəli tam orta məktəbin Qapıcıq komandası 280 bal intervalı toplayaraq rayon birinciliyinə vəsiqə qazanmışdır.