16 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı” münasibətilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd rayonun ümumtəhsil məktəblərində təhsil alan xüsusi istedada malik şagirdləri üzə çıxarmaq, asudə vaxtın səmərəli təşkili, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, məktəblilərin yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlvərişli şəraitin yaradılmasıdır.
Müsabiqədə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı çıxış edərək dövlətimiz tərəfindən uşaqların hərtərəfli inkişafına dəstək göstərildiyini, bu istiqamətdə keçirilən tədbirlərin şagirdlərin estetik tərbiyəsi, bacarıqlarının üzə çıxarılması, yaradıcılığa marağının dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və qarşıdan gələn Həmrəylik günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışdır.
Rəsm müsabiqəsində rayonun 12 ümumtəhsil məktəbindən 24 şagird iştirak edib. Mövzu üzrə rəsmlər 2 saat müddətində çəkilib. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticəyə əsasən, bir I yer, bir II yer, bir III yer və bir həvəsləndirici yer olmaqla 4 qalib müəyyən edilib.
Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.