Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə “Azərbaycanda kimya elminin inkişafında Yusif Məmmədəliyev dövrü” mövzusunda tədbir-sərgi keçirilmişdir. Tədbirdə kimya müəllimi Sevinc Səfərova ilk olaraq, Y.Məmmədəliyevin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. VIII sinif şagirdləri Arif Camalbəyovun Y.Məmmədəliyevin həyatı haqqında, Kamal Qasımovun isə akademikin uğurları haqqında hazırladıqları təqdimatlar izlənilmişdir. Tədbirdə həmçinin akademikin elmi fəaliyyəti və uğurları haqqında məruzələr, görkəmli şəxsiyyətlərin Y.Məmmədəliyev haqqında dedikləri kəlamlar dinlənilmişdir.
Akademikin yazdığı “Qurtuluş çələngi” şeiri şagirdlər tərəfindən qiraət olunmuşdur. Sonra Y.Məmmədəliyevin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film izlənmişdir. Şagirdlərin sinifdə hazırladıqları Y.Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış olmuşdur. VIII sinif şagirdi Arif Şıxəlizadənin çəkdiyi Y.Məmmədəliyevin portreti, Naxçıvanın kimyaçı alimlərinin məlumat kitabı da sərgidə nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları kimya müəllimi Hüseynova Turqanənin şagirdlərlə birlikdə təşkil etdiyi “Kimya sərgisi” ilə tanış olmuş və nümayiş olunan maraqlı təcrübələri izləmişdirlər.