Naxçıvan Şahmat Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şahmat birinciliyinə start verilmişdir. İki gün davam edən şəxsi birincilik 17 dekabr 2019-cu il tarixdə yekunlaşmışdır. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarışda Naxçıvan ümumtəhsil məktəblərinin III-IV sinif şagirdləri arasında keçirilən birincilikdə 17 tam orta məktəbin hər birində 3 oğlan olmaqla ümumilikdə 51 şagird iştirak etmişdir.
Yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət olaraq keçirilmişdir. Yarışın yekun nəticəsinə əsasən, 4 nömrəli tam orta məktəbin şagirdi Ercan Sevdimalı I yerə, 5nömrəli tam orta məktəbin şagirdi Elxan Oruczadə II yerə, 5 nömrəli tam orta məktəbin şagirdi Yusif Abutalıblı III yerə, 12 nömrəli tam orta məktəbin şagirdi Ramal Həsənov, 3 nömrəli tam orta məktəbin şagirdi Uğur Hüseynzadə və 3 nömrəli tam orta məktəbin şagirdi Ataxan Zeynalov isə həvəsləndirici yerlərə layiq görülmüşdürlər.
Birinciliyin sonunda qaliblərə və fərqlənən şagirdlərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.