17 dekabr 2019-cu il tarixdə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə “Cəlil Məmmədquluzadənin 150 illik yubleyi” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əsgər Qurbanov bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir.
O, Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla yanaşı, həm də böyük dramaturq və nasir kimi tanınır. Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən böyük yazıçının 150 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini deyən Əsgər Qurbanov bu tədbirlərin böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini tanıtmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Sonra çıxış edən Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kətanova Sevinc məruzə edərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundovdan sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs edib. Bildirib ki, ədibin pyeslərində yaşadığı dövrün real hadisələri olduğu kimi təsvir edilib, adi ailə-məişət məsələləri əyani və bədii şəkildə ustalıqla qələmə alınıb.
Daha sonra məktəbin şagirdləri yazıçının felyetonlarını və satirik şeirlərini səsləndiriblər.