31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası məqsədilə dekabr ayı ərzində muxtar respublikanın şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də dekabrın 18-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında keçirilən rəsm müsabiqəsidir.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında zəngin təbiəti, qədim tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri olan Azərbaycan haqqında biliklərinin, vətənpərvərlik tərbiyəsinin daha yaxşı formalaşması, şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilidir.
Müsabiqədə bütün yaş qruplarından olan 40 dərnək üzvü iştirak edib. Mövzu üzrə rəsmlər kağız, karton, kətan üzərində karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, pastel təbaşir və ya boyalardan quaş, akvarel, akril və s. istifadə etməklə 2 saat müddətinə çəkilmişdir. Rəsm işləri Azərbaycan dövlətinin gücünü, qüdrətini, vətənimizin, xalqımızın qürurunu, sevincini, dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini özündə əks etdirmişdir.
Müsabiqə iştirakçılarının çəkdikləri rəsmlər münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilmiş, nəticələrə uyğun olaraq müsabiqədə Hüseynli Aytac Şikar qızı I yer, Ələkbərova Səmra Novruz qızı və Bağırlı Turac Çərkəz qızı II yer, Fərzəliyeva Minayə Yunis qızı, Hüseynova Gülsüm Asəf qızı və Əhmədov Əli Heydər oğlu III yer və digər iştirakçılar isə həvəsləndirici yerlə təltif olunub. Qaliblər diplomla mükafatlandırılıb.