20 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” ilə əlaqədar təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində şahmat yarışları keçirilib.
Yarışın təşkilində əsas məqsəd “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd edilməsi, məktəblilər arasında şahmatın təbliği və inkişafını, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarətdir. Yarış başlamazdan əvvəl çıxış edənlər, Həmrəylik Gününün əhəmiyyətindən danışmış, bütün dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin simvolu olan bu bayramın ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ulu öndərin təşəbbüsü ilə qeyd olunduğunu vurğulamışlar. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunub.
7 turdan ibarət olan və İsveçrə sistemi ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışlara start verilib.
Şahmat yarışlarında 11 ümumtəhsil məktəbindən 230 məktəbli iştirak edib.
Yarışın sonunda qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıblar.