20 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, Universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Fizika dərsliyinin müzakirəsi keçirilmişdir. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və tədrisin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, aprelin 15-də "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırığa əsasən Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir. Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl fizika müəllimləri, Naxçıvan Dövlət Universitetinin Fizika kafedrasının əməkdaşları və Universitetin “Fizika müəllimliyi” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə IX sinfin fizika dərsliyinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da IX sinif fizika dərsliyinin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir. Sonra IX sinif Fizika dərsliyinin müzakirəsinə başlanıldı. İştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların da olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, kitab tərtibatca maraqlı hazırlanmış lakin, dərslikdə bəzi qavranılması çətin bölmələrin ardıcıllığı tam gözlənilməmiş, çalışma həllinə az saat verilmiş, riyaziyyat fənni ilə əlaqəli keçirilən mövzuların uzlaşmadığı vurğulanmışdır.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olundu.