Muxtar respublikada bütün sahələrlə yanaşı zəka idman növü olan şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Göstərilən dövlət qayğısı sayəsində şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açılır. Bütün rayonlarda yeni müasir standartlara cavab verən şahmat məktəblərinin inşa olunaraq yeniyetmə və gənclərin, yeni kitabların nəşr olunaraq müəllim və şahmatçıların ixtiyarına verilməsi və müasir tipli şahmat məktəblərində keçirilən interaktiv dərslərin təşkili şahmata olan marağının daha da artmasına, bu sahədə mütəxəssislərin hazırlanmasına geniş imkanlar açır.
Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələləri təşkil edir. Həmin tədbirlərin davamı olaraq 20 dekabr 2019-cu il tarixdə Naxçıvan Şahmat Mərkəzində Açıq debütlərin təhlili: “İtalyan oyunu”, mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərs beynəlxalq dərəcəli hakim, Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev tərəfindən keçirilib. Qeyd olunub ki, bu oyunda məqsəd mərkəzi tutmaq və fiqurları tez aktivləşdirmək, imkan düşdükcə rəqibə qurban verib mat vəziyyətləri yaratmaqdır. Bununla yanaşı, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün Mərkəzin müəllimi Əliyeva Rahimə tərəfindən “Likes proqramının yaradılması, istifadəsi və tətbiqi ” mövzusunda seminar, saat 1500-da isə Mərkəzin müəllimi Sevdimalıyev Urfan tərəfindən “Oyunların təhlili, Etüd həlli” mövzusunda rayon şahmat məktəbləri ilə interaktiv dərs keçirilmişdir.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.