Dekabrın 21-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə məktəblilərin fənn olimpiadasının muxtar respublika final turu keçirilmişdir.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdan ibarətdir.
Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilmişdir. Final turuna muxtar respublika ümumtəhsil məktəblərində təhsil alan, fənn olimpiadalarının şəhər və rayon mərhələsinin qalibi olmuş 229 nəfər IX-XI sinif şagirdləri cəlb olunmuşdur.
Muxtar respublika fənn olimpiadasının final turunda şagirdlərə fənlərdən 20-30 sual təqdim edilmiş və imtahan üçün 3 (üç) saat vaxt ayrılmışdır.
Olimpiadanın yekunları muxtar respublika təşkilat komitəsi tərəfindən qiymətləndiriləcək. Final turunun nəticələri 10 gün ərzində elan ediləcəkdir.