24 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət Sarayında ümumtəhsil məktəblərinin şagirdləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib.
Məktəblilərin dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.
Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etməyin, onların mütaliəyə həvəsini daha da gücləndirməyin və mütaliə vərdişlərinin inkişaf etdirilməsi təhsil sahəsində prioritet istiqamətlərdən biridir. Görkəmli Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, şagirdlərin həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə və onların ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır. Vurğulanıb ki, dram əsərlərinin səhnələşdirilməsi şagirdlərdə mütaliəyə maraq oyadılmasında, nitqin inkişafında, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.
Qıvraq qəsəbə tam orta məktəbinin şagirdləri Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərindən, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsərindən, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsindən, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri Hüseyn Cavidin “İblis” əsərindən, Xok kənd tam orta məktəbinin şagirdləri Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən, Yurdçu kənd tam orta məktəbinin şagirdləri “Cırtdan” nağılından, Qabıllı kənd tam orta məktəbinin şagirdləri Cəlil Məmmədquluzadənin “Kamança” əsərindən, Çalxanqala kənd tam orta məktəbinin şagirdləri Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərindən, Xıncab kənd tam orta məktəbinin şagirdləri Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsərindən, Təzəkənd tam orta məktəbinin şagirdləri “Nəsimi” filmindən, Böyükdüz kənd tam orta məktəbinin şagirdləri Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Mərdi-Xəsis” əsərindən, Yeni Kərki kənd tam orta məktəbinin şagirdləri isə Hüseyn Cavidin “Ana” əsərindən parçalar səhnələşdirmişlər.
Seçim turunda iştirakçıların çıxışlarının qiymətləndirilməsi zamanı iştirakçı dram kollektivlərinin tamaşaya uyğun səhnə tərtibatı, əsərdəki dövrlə səsləşən geyimlər, istifadə olunan aksesuarlar, aktyor sənətinin əsasını təşkil edən: hadisələrə münasibət, aydın intonasiya və tələffüz münsiflər tərəfindən əsas şərt kimi götürülüb. Dram müsabiqəsinin rayon mərhələsində ümumilikdə ümumtəhsil məktəblərindən 12 kollektivin tərkibində 88 məktəbli iştirak edib.
Müsabiqənin nəticələrinə görə, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsərindən təqdim etdiyi səhnəcik I, Yeni Kərki kənd tam orta məktəbinin şagirdlərinin Hüseyn Cavidin “Ana” əsərindən təqdim etdiyi səhnəcik II, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdlərinin Hüseyn Cavidin “İblis” əsərindən hazırladıqları səhnəcik III yerin qalibi olmuşdur.
Qaliblərə Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən diplomlar təqdim olunub.
Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin kollektivi Kəngərli rayonunu muxtar respublika mərhələsində təmsil edəcək.