Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muzeylərin ziyarət olunması tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. 28 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin kollektivi Kəngərli rayonunda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. Muzeylə tanışlıq zamanı muzeyin bələdçisi Ülkər Əhmədova məlumat verib ki, Kəngərli rayonu 2004-cü ildə yaradılıb.
Rayonun ərazisindəki çoxsaylı arxeoloji abidələrdə aparılan qazıntılar zamanı qədim insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Son Tunc və İlk Dəmir dövrünə aid Qalacıq yaşayış yeri, 1-ci Qarabağlar, 2-ci Qarabağlar, Govurqala, Çalxanqala, Şahtaxtı kəndinin yaxınlığındakı qədim şəhər yeri, Şahtaxtı Govurqalası və nekropolları, Yurdçu qədim yaşayış yeri, buradakı kurqanlar və sərdabələr bu ərazinin qədim tarixə malik olduğunu sübut edir. Qeyd olunub ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır. Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır. Muzeylə tanışlıq kollektivdə xoş təəssürat yaradıb.