“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər M.Füzuli adına tam orta İnternat Məktəbində tədbir keçirilmişdir.
Tədbirdə aparıcılar tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsi olmuşdur.
Bildirmişlər ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov muxtar respublikamızda uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmiş, uşaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri adından təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.
Sonra təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara hədiyyələr verilmişdir. Tədbirin bədii hissəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmiş, Naxçıvan şəhər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin üzvləri, nağaraçalanlar ansanblının, vokal qrupunun, “Əlvan çiçəklər” mahnı və rəqs ansanblının və digər dərnək üzvlərinin, eləcə də Ordubad rayon Uşaq bağçasının balaca fidanlarının bir- birindən maraqlı çıxışları olmuşdur.
Həmçinin tədbirdə Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə səbəb olmuşdur. Onlar uşaqlara hədiyyələr paylamış, uşaqlarla birgə rəqslər etmiş, əylənmişlər. Eyni zamanda uşaqlar yeni ilin gəlişinə, şaxta baba və qar qıza aid şeirlər söyləmişlər. Uşaqlar bayram şənliyindən xoş əhval-ruhiyyə ilə ayrılmışlar.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Ebru sənəti” və “Rəsm” dərnəyi üzvlərinin sərgisi nümayiş olunmuşdur.