02 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Yeni il şənliyi keçirilib. Bayram tədbirində ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrin dərnək üzvləri iştirak edib.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı muxtar respublikada uşaqların cəmiyyətə inteqrasiyası, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsinin daim diqqət mərkəzində saxlanıldığı barədə məlumat verib, tədbir iştirakçılarını təbrik edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib.
Sonra Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən şeirlər bədii qiraət edilib, ansambl üzvləri tərəfindən mahnılar və milli rəqslər ifa edilib. Konsert məktəblilər və məktəbdənkənar müəssisələrin dərnək üzvləri tərəfindən maraqla qarşılanıb.
Şənlikdə iştirak edən Şaxta baba və Qar qız uşaqlarla rəqs edib, şən nəğmələr səsləndiriblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.