Tədris müddətində olduğu kimi istirahət, tətil və bayram günlərində də məktəblilərin asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsi ilə bağlı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən tədbirlər planı hazırlanmış və bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlərdən biri də məktəblilərin asudə vaxtlarının, istirahətlərinin və bayram günlərinin xoş və mənalı keçirmələri üçün mərkəzin qarşısında milli musiqi və rəqs nömrələrindən ibarət əyləncəli və yaddaqalan bayram şənliyi təşkil olunmuşdur.
Bayram şənliyi 02 yanvar 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında açıq havada keçirilib. Bayram şənliyində mərkəzin dərnək üzvlərinin iştirakı ilə “Əlvan çiçəklər” rəqs qrupunun milli rəqs nömrələrindən Qazağı, Şən Azərbaycan, Azərbaycan suitası, Qarabağ inciəri, Nəlbəki, Köçəri rəqslərinin çıxışları və xalq çalğı ansambılının ifalarında Azərbaycan ritmləri nağara qrupu, Odlar ölkəsi qarmon qrupu, Araz üstə şəhərim, Dörd dost, Mənim doğma məktəbim, Şən yolka, Yeni iliniz mübarək, Dostluq, Yeni il gəldi, Bizim bağ, Teymurun mahnısı, Naxçıvanım mahnılarının ifası, şeirlərdən Naxçıvan, Heydər baba, Həmrəylik günü bədii qiraətlər olmuşdur.
Tədbirdə dərnək üzvlərinin ifasında söylənilən yeni il və həmrəyliklə bağlı şeirlər, mahnılar, eləcə də nümayiş etdirilən mili rəqs nömrələri alqışlarla qarşılanıb. Dərnək üzvlərinin nümayiş etdirdiyi ifalar maraqla izlənilib. Şaxta babanın və Qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və onlarla birgə rəqs etməsi tədbirə daha çox rəng qatıb. 2019-cu ili uğurla yola salan məktəblilər 2020-ci ili sevinclə qarşılayıblar. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Tədbirdə Naxçıvan şəhər tam orta məktəblərinin müəllim və şagirdləri, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək rəhbərləri, dərnək üzvləri və şəhər sakinləri iştirak etmişdir.