Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” başlayıb. Müsabiqə yanvarın 8-dən 24-dək muxtar respublikanın bütün şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında nəzərdə tutulub. İlk olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib.
Müsabiqədə “Naxçıvan dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası -95 ” mövzularında müxtəlif əl işləri ilə 116 şagird iştirak edib. Münsiflər heyəti tərəfindən 5 ballıq sistemə uyğun qiymətləndirmə aparılıb. Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi üzrə 5 həvəsləndirici yer olmaqla ümumilikdə 22 qalib müəyyənləşdirilib. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
Qeyd edək ki, I, II və III yerin qalibləri muxtar respublika mərhələsinə vəsiqə qazanıb.